Venesuelada zəlzələ nəticəsində dağıntıların çox olmasının səbəbi

12:49 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelanın sabiq prezidenti Nikolas Maduronun oğlu, ölkənin Milli Assambleyasının deputatı Nikolas Maduro Qerra ölkənin paytaxtında baş vermiş zəlzələ nəticəsində ağır dağıntıların olmasını XX əsrin ortalarında inşa edilmiş binaların çoxluğu ilə əlaqələndirib.

Hafta.az xəbər verir ki, bu barədə siyasətçi CNN telekanalına müsahibəsində deyib.

O bildirib ki, hazırda Karakasın San-Bernardino bölgəsində çökmüş yaşayış binasının ərazisindəki axtarış-xilasetmə əməliyyatlarında iştirak edir:

"Bu ərazidə 50-ci və 60-cı illərə aid çox köhnə binalar yerləşir. Biz həmçinin Karakasın şərq hissəsində, Çakao və Baruta bələdiyyələrində də dağılmış binalar gördük".

Bundan əlavə, Maduronun oğlu vurğulayıb ki, Venesuela rəhbərliyi hələlik dağıntıların miqyası barədə dəqiq məlumata malik deyil:

"Hazırda əlimizdə dəqiq rəqəmlər yoxdur, lakin biz artıq küçələrə çıxaraq insanlara yardım edirik".

Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında qeydə alınıb: təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan seriyası baş verib. Təkanların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib.